140 min ton neftlə yüklü Türkiyə tankeri dronla vurulub
Türkiyəyə məxsus xam neft daşıyan "Altura" adlı tanker Qara dənizdə, İstanbul boğazının 26 kilometrliyində dron zərbəsinə məruz qalıb.
Bu barədə Liderxeber.az "NTV.com" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Rusiyadan yola düşən və 140 000 ton neft daşıyan gəmiyə dron zərbəsi nəticəsində tankerin göyərtəsi və mühərrik kabinəsi zərər görüb.
Qara dəniz sahillərində baş verən hadisə zamanı böyük partlayış baş verib. Tankerin körpüsünə ziyan dəydiyi və mühərrik otağına su dolduğu bildirilir.
Tankerin təcili yardım tələbindən sonra hadisə yerində xilasetmə qrupları göndərilib. Gəmiyə təcili müdaxilə davam edir, səlahiyyətlilər tərəfindən hələ ki, bunun hücum olub-olmadığı ilə bağlı rəsmi açıqlama verilməyib.
Gəmi ekipajından yaralanan olmayıb, 27 türk ekipaj üzvünün sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.
