Pressa.az » Dünya » KİV: İsrail ABŞ-nin İranda mümkün quru əməliyyatına qoşulmaq istəmir

KİV: İsrail ABŞ-nin İranda mümkün quru əməliyyatına qoşulmaq istəmir

01 aprel 2026, Çərşənbə, 17:24
KİV: İsrail ABŞ-nin İranda mümkün quru əməliyyatına qoşulmaq istəmir

İsrail liderləri, ABŞ quru əməliyyatına başlamaq qərarına gələrsə, öz quru qüvvələrinin İran ərazisinə göndərilməsi ehtimalını istisna edirlər.

Liderxeber.az xəbər verir ki, bu barədə "Al-Monitor" nəşri İsrail ordusundakı mənbələrinə istinadən məlumat yayıb.

Eyni zamanda, portalın mənbələri bildiriblər ki, əgər quru əməliyyatı başlasa, İsrail ABŞ-yə kəşfiyyat və hava zərbələri baxımından bütün mümkün dəstəyi göstərməyə hazırdır.

"ABŞ bizdən ən dəqiq kəşfiyyat məlumatlarını və bütün mümkün yardımı alacaq", - mənbə bildirib.

Martın 26-da "Axios" nəşri ABŞ rəsmilərinə və mənbələrinə istinadən Pentaqonun İranın Xarq da daxil bir neçə adalarını ələ keçirilməsini əhatə edən dörd mümkün eskalasiya ssenarisi hazırladığını bildirib.

Bundan üç gün sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin silahlı qüvvələrinin İranın Xarq adasını ələ keçirməyə cəhd göstərəcəyi ehtimalını istisna etmədiyini açıqlayıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.