İranlı bəstəkar obyektləri qorumaq üçün elektrik stansiyasında məskunlaşacaq
Tanınmış iranlı bəstəkar, musiqiçi və ifaçı Əli Qəmsari olduqca qeyri-adi və riskli bir təşəbbüslə çıxış edib.
Liderxeber.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat yayıb.
Əli Qəmsari ölkənin həyati əhəmiyyət kəsb edən infrastrukturuna mümkün hücumların qarşısını almaq məqsədilə Tehranın elektrik enerjisinin təxminən yarısını təmin edən Dəmavənd elektrik stansiyasında məskunlaşmağa qərar verib. Müstəqil sənətkar kimi fəaliyyət göstərən bəstəkar orada təkbaşına musiqi bəstələyəcək və müxtəlif alətlərdə ifa edəcək.
Qəmsari bu addımının fəlsəfəsini belə izah edib: "Məqsədim musiqinin insanın işığı və həyatı olduğunu, infrastruktur obyektlərinə təhdidin isə yalnız hərbi qarşıdurma kimi qiymətləndirilməməli olduğunu nümayiş etdirməkdir".
Sənətkar vurğulayıb ki, dağıdılmış infrastrukturun bərpası illər tələb edir, buna görə də mümkün humanitar fəlakətin qarşısını almaq üçün vaxtında hərəkətə keçmək vacibdir.
O, Tehranın 40%-i üçün elektrik enerjisinin kəsilməməsi naminə əlindən gələni etməyə hazır olduğunu bildirib. Elektrik stansiyasının həm işıq, həm də su təminatı üçün kritik əhəmiyyət daşıdığını deyən bəstəkar, digər sənətkarları və musiqisevərləri təhlükəsizlik səbəbindən əraziyə yaxınlaşmamağa, aksiyanı yalnız media vasitəsilə izləməyə çağırıb.
