Tramp İrana qarşı hücumların müvəqqəti dayandırılmasına razılaşdı: Hörmüz boğazı açılır
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumların ikihəftəlik dayandırılmasına razılıq verib.
Liderxeber.az xəbər verir ki, bu barədə onun "Truth Social" platformasındakı paylaşımında bildirilib.
"Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirlə danışıqlar apardım, onlar məndən bu gecə İrana göndərilməsi planlaşdırılan dağıdıcı gücün dayandırılmasını xahiş etdilər və İran İslam Respublikasının Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verməsi şərti ilə mən İrana qarşı bombardman və hücumların iki həftə müddətinə dayandırılmasına razılaşıram. Bu, ikitərəfli atəşkəs olacaq!
Bunun səbəbi odur ki, biz artıq bütün hərbi məqsədlərə nail olmuşuq və onları hətta aşmışıq, həmçinin İranla uzunmüddətli sülhə və Yaxın Şərqdə sülhlə bağlı yekun razılaşmaya çox yaxınlaşmışıq.
İrandan 10 maddəlik təklif almışıq və hesab edirik ki, bu, danışıqlar üçün əsasdır. Keçmişdə mübahisə doğuran məsələlərin demək olar ki, hamısı ABŞ və İran arasında razılaşdırılıb, lakin ikihəftəlik müddət sazişin tamamlanmasına və yekunlaşdırılmasına imkan verəcək.
Amerika Birləşmiş Ştatları adından, prezident kimi, həmçinin Yaxın Şərq ölkələrini təmsil edərək demək istəyirəm ki, uzunmüddətli problemin həllə yaxınlaşmasını görmək mənim üçün böyük şərəfdir", - paylaşımda vurğulanıb.

