“Gələcək danışıqlar İrandan asılıdır”
“Gələcək danışıqlar İranın mövqeyindən asılıdır”.
Liderxeber.az xəbər verir ki, bunu ABŞ Vitse-prezidenti Ceyms Devid Vens “Fox News” kanalına açıqlamasında bildirib.
“Bu, ən yaxşı şəkildə iranlılara veriləcək sualdır, çünki mövqe həqiqətən onların əlindədir”, - Vens qeyd edib.
Ceyms Devid Vens vurğulayıb ki, ABŞ üçün əsas məsələ İranın nüvə silahı hazırlamamaqla bağlı qəti öhdəlik götürməsidir.
O deyib ki, əgər Tehran bu istiqamətdə konstruktiv addımlar atarsa, tərəflər arasında qarşılıqlı faydalı razılaşma mümkündür:
“Əgər iranlılar bizimlə ortaq nöqtədə görüşməyə hazır olsalar, bu, hər iki ölkə üçün çox yaxşı razılaşma ola bilər. Əks halda, bu onların seçimidir”.
Vens Pakistanda keçirilən son danışıqlara toxunaraq bildirib ki, təxminən 21 saat davam edən müzakirələr nəticəsiz qalıb və ABŞ nümayəndə heyəti ölkəni tərk edib. Onun sözlərinə görə, İran tərəfi yekun qərar vermək səlahiyyətinə malik olmayıb və əlavə razılıq üçün Tehrana müraciət etməli olub.
Vitse-prezident bəzi müsbət siqnalların olduğunu qeyd etsə də, xüsusilə zənginləşdirilmiş uran məsələsi və İranın nüvə silahına sahib olmasının qarşısının alınması istiqamətində kifayət qədər irəliləyiş əldə olunmadığını vurğulayıb.
O bildirib ki, mümkün razılaşma üçün növbəti addımı atmaq məsuliyyəti İranın üzərinə düşür: “Burada böyük razılaşma potensialı var, amma növbəti addımı iranlılar atmalıdır”.
