“İran nüvə materialını bizə verməyə razıdır” - Tramp
“İran nüvə materialını bizə verməyə razıdır”.
Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Las-Veqasa səfər etməzdən əvvəl jurnalistlərlə söhbətində deyib.
O, İranın zənginləşdirilmiş uranla bağlı güzəştə getdiyini iddia edib.
Trampın sözlərinə görə, İran ABŞ-nin əvvəlki hərbi əməliyyatları zamanı zərər görmüş nüvə obyektlərinin altında qalan materialı verməyə razılaşıb.
“Onlar B-2 bombardmançı təyyarələri ilə etdiyimiz hücumdan sonra yeraltında qalan nüvə materialını bizə verməyə razılaşıblar”, - deyə Tramp bildirib.
Bununla belə, İran tərəfi nüvə proqramının yalnız sülh məqsədli olduğunu dəfələrlə vurğulayıb və nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edib. Rəsmi Tehran və prosesdə vasitəçi rolunda çıxış edən tərəflər Trampın səsləndirdiyi iddialarla bağlı hələlik konkret açıqlama verməyiblər.
ABŞ administrasiyası da İranın zənginləşdirilmiş uranı hansı şərtlərlə və kimə təhvil verəcəyi ilə bağlı əlavə sualları cavabsız qoyub.
Donald Tramp daha əvvəl də İranın nüvə proqramı ilə bağlı mübahisəli və təsdiqlənməmiş açıqlamalarla çıxış edib.
