İran və ABŞ razılığa gəlib? - "Ən çətin məsələlərlə bağlı müsbət nəticələr var"
"İran və Amerika Birləşmiş Ştatlarının rəsmilərinin qarşıdakı görüşü yekun razılaşmanın imzalanması ilə nəticələnə bilər".
Liderxeber.az xəbər verir ki, bunu Vaşinqton və Tehran arasında vasitəçilik prosesində iştirak edən pakistanlı mənbə "Reuters" agentliyinə deyib.
Mənbənin iddiasına əsasən, tərəflər ilkin mərhələdə qarşılıqlı anlaşma memorandumu imzalamağı, növbəti 60 gün ərzində isə daha genişmiqyaslı saziş bağlamağı planlaşdırırlar:
"Təfərrüatlı sənəd daha sonra təqdim olunacaq. Hər iki tərəf prinsipial şəkildə ortaq məxrəcə gəlib, texniki detallar isə gələcəkdə razılaşdırılacaq".
Diplomatik mənbə əlavə edib ki, Pakistandan olan əsas vasitəçi - ordu qərargahının rəisi, feldmarşal Asim Munir aprelin 15-dən etibarən Tehranda danışıqlar aparır və ən çətin məsələlərin həllində müsbət nəticələr əldə edilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
