Rusiyalı həkimdən xəbərdarlıq: Bahar günəşi dərinizə ciddi zərər verə bilər
Qış aylarından sonra dərinin həssaslığı artır. Bu səbəbdən yaz fəslində havanın sərin olmasına baxmayaraq, günəş şüaları asanlıqla dəri yanıqlarına səbəb ola bilər.
Liderxeber.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin Tibb Fakültəsinin Terapiya kafedrasının dosenti İrina Volgina "gazeta.ru" saytına müsahibəsində danışıb.
"Əksəriyyət yaz günəşinin zərərini ciddiyə almır, çünki sərin hava aldadıcı ola bilər. Ancaq ilin bu dövründə ultrabənövşəyi şüalar çox aktivləşir və qışdan çıxmış dəri daha zəif olur. Baharda atmosferin qoruyucu qatı nazikləşdiyi üçün ultrabənövşəyi şüalar Yer səthinə daha güclü təsir edir. Həmçinin havanın temperaturunun yüksək olmaması yaydakı kimi istilik hissi yaratmır. Nəticədə sərin havada belə fərqinə varmadan günəşdə yanmaq ehtimalı yüksəkdir.
Qış aylarında melanin istehsalının azalması və dərinin təbii qoruyucu xüsusiyyətlərini itirərək ağarması riskləri daha da artırır. Bunun nəticəsində immunitetin zəifləməsi və şüaların birbaşa təsiri ilə yaranan bədxassəli dəri xəstəlikləri (melanoma və bazal hüceyrəli karsinoma daxil olmaqla), kollagenin parçalanması nəticəsində erkən qırışlar, elastikliyin itməsi, yaş ləkələrinin əmələ gəlməsi ilə müşayiət olunan fotoqocalma, həmçinin günəş yanıqları və allergik hallar (eritema, günəş dermatiti və s.) baş verə bilər", - deyə mütəxəssis bildirib.
İ.Volgina dərini qorumaq üçün günəş kremlərindən, baş geyimlərindən və nəmləndirici vasitələrdən istifadə etməyi tövsiyə edib.
"Belə fəsadların qarşısını almaq üçün bəzi sadə qaydalara əməl olunmalıdır: küçəyə çıxmadan 20 dəqiqə əvvəl açıq qalan dəriyə ən azı SPF 30+ (həssas dərilər üçün SPF 50+) qoruyuculuğu olan kremlər çəkilməli və xüsusilə, günəş altında uzun müddət qalındıqda hər iki saatdan bir yenilənməlidir.
Çiyinləri və dekolte nahiyəsini örtən geyimlərə, eləcə də papaq və ya kepkalara üstünlük verilməlidir. Ultrabənövşəyi şüaların ən güclü olduğu 11:00-16:00 aralığında birbaşa günəş altında qalmaqdan çəkinmək lazımdır. Yaz günəşi dərini qurutduğuna görə, çöldən qayıtdıqdan sonra nəm balansını bərpa etmək üçün mütləq nəmləndirici vasitələrdən istifadə edin", - deyə həkim əlavə edib.
