KİV: BƏƏ neft əməliyyatlarında ABŞ dollarından imtina edə bilər
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdəki münaqişə fonunda maliyyə dəstəyi almaq ehtimalı ilə bağlı ABŞ ilə danışıqlara başlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə BƏƏ və ABŞ rəsmilərinə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, BƏƏ nümayəndələri danışıqlar zamanı ABŞ rəsmilərinə bildiriblər ki, dollar qıtlığı yaranarsa, ölkə neft satışında və digər əməliyyatların həyata keçirilməsində Çin yuanı və ya başqa dövlətlərin valyutasından istifadə etmək məcburiyyətində qala bilər.
Qeyd edilir ki, BƏƏ-nin başqa valyutanın istifadəsinə keçməsi halında ABŞ dolları üçün gizli təhlükə yarana bilər. Belə ki, dollar qismən neft əməliyyatlarında istifadə edildiyinə görə dünya valyutaları arasında dominant mövqeyə malikdir. WSJ vurğulayır ki, Əmirlik dirhəmi dollara bağlıdır və təxminən 270 milyard dollar məbləğində valyuta ehtiyatları ilə təmin olunub.
