Pressa.az » Dünya » 73 il sonra qalıqları vətənə qaytarıldı

73 il sonra qalıqları vətənə qaytarıldı

23 aprel 2026, Cümə axşamı, 08:39
73 il sonra qalıqları vətənə qaytarıldı

Koreya müharibəsi zamanı həlak olan 12 Çin əsgərinin qalıqları Cənubi Koreyadan Çinə qaytarılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, Çin Xalq Könüllü Ordusunun tərkibində döyüşərkən həyatını itirən əsgərlərin sümükləri və şəxsi əşyaları hərbi nəqliyyat təyyarəsi ilə ölkənin şimal-şərqində yerləşən Lyaoninq əyalətinin inzibati mərkəzi Şenyanqdakı Taosyan Beynəlxalq Hava Limanına gətirilib.

Hava limanında əsgərlərin xatirəsinə anım mərasimi təşkil olunub. Mərasimdə hərbçilər, veteranlar və həlak olanların yaxınları iştirak ediblər.

Tabutlara yerləşdirilən qalıqların Şenyanqdakı hərbi qəbiristanlıqda dəfn ediləcəyi bildirilib.

Qeyd edək ki, 2014-cü ildən bu yana Koreya müharibəsində həlak olmuş ümumilikdə 1023 Çin əsgərinin qalıqları vətənə qaytarılıb.

Xatırladaq ki, 1950-1953-cü illəri əhatə edən Koreya müharibəsi zamanı Çin ABŞ-nin rəhbərlik etdiyi BMT qüvvələrinə qarşı Şimali Koreyanı dəstəkləyib. Müharibədə iştirak edən təxminən 2,9 milyon Çin hərbçisindən 360 minə yaxını həlak olub.