Pressa.az » Dünya » Qıcıqlandırıcı səslər şirniyyat istəyini artırır?

Qıcıqlandırıcı səslər şirniyyat istəyini artırır?

23 aprel 2026, Cümə axşamı, 11:33
Qıcıqlandırıcı səslər şirniyyat istəyini artırır?

Qıcıqlandırıcı səslər və məcburən dinlənilən musiqi stresi aradan qaldırmağın sürətli üsulu kimi şirniyyata olan meyili artıra bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı ailə və uşaq psixoloqu Mariya Todorova "İzvestiya" nəşrinə verdiyi müsahibədə bildirib.

"Dopamin zövq, rahatlama və məmnuniyyət gözləntisini yaşamaqda mühüm rol oynayır. Buna görə də xoşagəlməz hislər fonunda beyin sanki qısa yol təklif edir: "burada və indi xoş bir şey əldə etmək", - deyə o qeyd edib.

Mariya Todorovanın sözlərinə görə, vəziyyət real təhlükə yaratmasa belə, sinir sistemi xoşagəlməz səsləri narahatedici stimul kimi qəbul edir. Buna cavab olaraq orqanizm emosional tarazlığı bərpa etməyə çalışır ki, bu da özünü şirin bir şeylər yemək istəyi ilə büruzə verir.

Mütəxəssis izah edib ki, bu cür reaksiyalar daha çox insanın ətraf mühiti tez bir zamanda dəyişdirə bilmədiyi şəraitlərdə - məsələn, ictimai nəqliyyatda, mağazada və ya hər hansı bir tədbirdə baş verir. Belə hallarda şirniyyata meyil bir növ çıxış yoluna çevrilir.

Psixoloq bu reaksiyaları azaltmaq üçün fiziki aclıqla emosional aclığı ayırd etməyi, həmçinin özünütənzimləmə üsullarından - diqqəti yayındırmaq, gəzintiyə çıxmaq, nəfəs texnikalarından istifadə etmək və ya sadəcə sensor mühiti dəyişdirməyi tövsiyə edib.

Mariya Todorovanın fikrincə, güclü emosional əlaqələrin mövcudluğu və təhlükəsizlik hissi də stresi qida vasitəsilə kompensasiya etmək ehtiyacını azaldır.