Bağırsaq keçməzliyi və qan dövranı pozğunluğu: Qarın ağrısının gizli təhlükələri
Qarında yaranan ağrılar bəzən ciddi və həyati təhlükəli vəziyyətlərin xəbərçisi ola bilər.
Liderxeber.az xəbər verir ki, bu barədə ümumi praktika həkimi Kasim Axmed "Daily Mirror" nəşrinə verdiyi müsahibədə xəbərdarlıq edib. Mütəxəssis hansı ağrıların təcili tibbi müdaxilə tələb etdiyini açıqlayıb.
Həkimin sözlərinə görə, qəfildən başlayan və "içəridən dağıdıcı" təsir bağışlayan şiddətli qarın ağrılarına xüsusi diqqət yetirilməlidir. Bu əlamət böyük damarlarda qan dövranının pozulması ilə bağlı ola bilər.
Qarın nahiyəsində şişkinlik, nəcis ifrazının olmaması və qusma kimi simptomlar da həyəcan siqnalı hesab olunur. Mütəxəssis izah edib ki, bu vəziyyət bağırsaq keçməzliyinin göstəricisi ola bilər.
Kasim Axmedin qeyd etdiyi digər təhlükəli vəziyyət peritonitdir. Bu zaman ağrı o qədər şiddətli olur ki, xəstə düz dayanmaqda və ya rahat uzanmaqda çətinlik çəkir.
Bundan əlavə, nəcisdə qanın olması və dartılma hissi verən ağrılar da ciddi narahatlıq üçün əsasdır. Həkim bildirib ki, bu simptomlar bağırsaqda qan dövranının pozulmasından xəbər verə bilər.
