Günorta yuxusundan sonra niyə yorğunluq hiss edirik? - Mütəxəssisdən açıqlama
"Bəzi hallarda insanlar yuxudan oyandıqdan sonra gümrahlıq deyil, əksinə, yorğunluq və süstlük hiss edirlər".
Liderxeber.az xəbər verir ki, kardioloq və yuxu üzrə ekspert Natalya Zolotaryova "İzvestiya" nəşrinə müsahibəsində bu problemin səbəblərindən danışıb.
Ekspertin fikrincə, bu vəziyyət insanın yuxu fazalarından və oyandığı andan birbaşa asılıdır. O bildirib ki, gündüz yuxusunun müddəti 20-30 dəqiqəni keçdikdə beyin dərin faza mərhələsinə daxil olur. Nəticədə oyanma prosesi "yuxu ətaləti" adlandırılan halsızlıq və enerji itkisi ilə müşayiət olunur. Bundan başqa, saat 15:00-dan gec yatmaq bioloji ritmlərin pozulmasına, gecə yuxusunun keyfiyyətinin aşağı düşməsinə və xroniki yorğunluğa səbəb ola bilər.
Mütəxəssis, həmçinin vurğulayır ki, metabolik pozuntular və fərdi sağlamlıq xüsusiyyətləri günorta istirahətinin faydasını heçə endirə bilər. Səs-küy və güclü işıq kimi narahat şərait isə yuxunun yalnız səthi olmasına gətirib çıxarır.
N.Zolotaryovanın sözlərinə görə, günorta saatlarında ən ideal yuxu müddəti 20-30 dəqiqədir. Kəskin yuxusuzluq hallarında 90 dəqiqə (bir tam yuxu dövrü) yatmaq olar, lakin bu, gecə yuxusuna mənfi təsir göstərə bilər. Həkim gündüz istirahəti üçün ən uyğun vaxtın saat 13:00-15:00 arası olduğunu qeyd edir.
Ekspert maraqlı bir üsul olan "qəhvə yuxusu"ndan da bəhs edib. Yatmazdan dərhal əvvəl qəhvə içmək insanın daha gümrah oyanmasına kömək edir. Çünki kofein təxminən 20-30 dəqiqədən sonra qana qarışaraq təsirini göstərməyə başlayır ki, bu da məhz oyanma vaxtına təsadüf edir.
