Avropa İttifaqı və ABŞ arasında ticarət danışıqları dalana dirəndi
Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı arasında aparılan ticarət razılaşması üzrə müzakirələr dalana dirənib.
Avropa hökumətlərinin nümayəndələri və parlamentarilər hər hansı bir ortaq məxrəcə gəlməkdə çətinlik çəkiblər.
Liderxeber.az-ın xəbərinə əsasən, bu barədə "Politico" nəşri məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Tədbirdə iştirak edən mənbələrdən birinin bildirdiyinə əsasən, Avropa Komissiyasının nümayəndəsi Maroş Şefçoviç sabitliyin qorunması üçün tərəfləri ortaq qərar qəbul etməyə səsləyib. Buna baxmayaraq, altı saat davam edən danışıqlar heç bir nəticə verməyib. Avropa Parlamentinin deputatı Karin Karlsbro isə müzakirələrin məhsuldar keçdiyini, ancaq yekun sənədin ABŞ rəhbərinin təzyiqlərinə dözümlü olmasının vacibliyini vurğulayıb.
Hazırda prosesin idarəçiliyi yenidən Trampa keçib. ABŞ səfiri Endryu Puzder yaxın müddətdə Avropa istehsalı olan avtomobillərə 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Səfirin sözlərinə görə, Avropa İttifaqının mövcud vəziyyəti nizamlamaq üçün hələ zamanı var və bu halda prezident öz mövqeyinə yenidən baxa bilər.
Avropa Parlamentinin əsas təmsilçisi Bernd Lange iştirakçıların razılaşmaya "daha da yaxınlaşdığını" qeyd etsə də, əlavə zamana ehtiyac duyulduğunu bildirib. Tərəflər arasında növbəti təmasın mayın 19-da keçirilməsi nəzərdə tutulur. Əgər ortaq məxrəcə gəlinməzsə, Endryu Puzderin sözlərinə görə, Birləşmiş Ştatlar müzakirə prosesini tamamilə dayandıra bilər.
