Körfəz ölkələri İrana qarşı əməliyyatlarda BƏƏ-yə qoşulmaqdan imtina etdilər
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanı və Qətəri İrana qarşı birgə hərbi addımlar atmağa təşviq etməyə cəhd göstərsə də, bu istəyinə müsbət cavab ala bilməyib.
Liderxeber.az-ın məlumatına görə, bu barədə "Bloomberg" nəşri xəbər dərc edib.
Məlumata əsasən, fevral ayının sonunda ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hücumlardan sonra BƏƏ rəhbəri Məhəmməd bin Zayed Ən-Nəhyan ortaq mövqe formalaşdırmaq məqsədilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əs-Səud və digər bölgə liderləri ilə telefonla danışıb. Bildirilir ki, BƏƏ İranın qarşısını almaq üçün ortaq addımların atılmasını zəruri saysa da, Körfəz ölkələri bu toqquşmanın onlara aid olmadığını vurğulayıblar. Gərginliyin artması nəticəsində yaranan bu ziddiyyətlərin BƏƏ və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrə mənfi təsir etdiyi diqqətə çatdırılır. Nəticədə, BƏƏ Qətər və Səudiyyə Ərəbistanının iştirakı olmadan İrana qarşı təkbaşına və məhdud xarakterli addımlar atmağa qərar verib.
Kütləvi informasiya vasitələrinin məlumatlarına görə, mövcud vəziyyət Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında ixtilafları dərinləşdirib. Həmçinin bölgədəki bir sıra dövlətlərin enerji obyektlərinə hədəflənən hücumlar səbəbindən regional sabitlik daha da pozulub.
