Bu ölkə adını dəyişir
Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru müstəmləkə dövründən qalan izlərdən uzaqlaşmaq və milli kimliyini gücləndirmək məqsədilə rəsmi adını dəyişdirməyə hazırlaşır.
Liderxeber.az xəbər verir ki, ölkə rəhbərliyi dövlətin bundan sonra yerli dildəki adı olan “Naoero” kimi tanınmasını təklif edib.
Parlament tərəfindən etirazsız qəbul edilən təşəbbüs yaxın vaxtlarda ümumxalq səsverməsinə çıxarılacaq.
Nauru Prezidenti David Adeanq parlamentdə çıxışı zamanı bildirib ki, ad dəyişikliyi ölkənin dili, mədəniyyəti və tarixi irsinə hörmətin ifadəsidir.
Hökumətin açıqlamasına görə, “Naoero” adanın yerli dildəki adıdır. “Nauru” formasından isə uzun illər xarici ölkə vətəndaşlarının tələffüzünü asanlaşdırmaq məqsədilə istifadə olunub.
Cəmi 21 kvadratkilometr əraziyə və təxminən 13 min nəfər əhaliyə malik olan ada dövləti tarix ərzində bir neçə fərqli ad daşıyıb. 1798-ci ildə adaya çatan britaniyalı dənizçilər onu “Pleasant Island” (“Xoş Ada”) adlandırıblar. Almaniya 1888-ci ildə adanı ilhaq etdikdən sonra isə “Nauru” adı rəsmiləşdirilib.
1919-cu ildən etibarən Avstraliyanın idarəçiliyinə keçən ada 1968-ci ildə müstəqillik qazansa da, mövcud adını qoruyub saxlayıb.
UNESCO Nauru dilini “kritik təhlükə altında olan dillər” siyahısına daxil edib. Yerli əhali gündəlik həyatda bu dildən istifadə etsə də, dil məktəblərdə tədris olunmur.
Rəsmilər hesab edirlər ki, “Naoero” adının rəsmiləşdirilməsi dilin və milli kimliyin gələcək nəsillərə ötürülməsinə töhfə verəcək.

