Pressa.az » Dünya » “İsrail İranı Liviyaya çevirmək istəyir”

“İsrail İranı Liviyaya çevirmək istəyir”

19 iyun 2026, Cümə, 08:43
“İsrail İranı Liviyaya çevirmək istəyir”

“İsrail İranı Liviyaya çevirmək istəyir”.

Liderxeber.az xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens İsrailin İranla bağlı siyasətinə dair açıqlamasında deyib.

O bildirib ki, İsrail cəmiyyətində İranın Liviya kimi dağılmasını istəyən qüvvələr mövcuddur və belə bir ssenari ABŞ-nin maraqlarına uyğun deyil.

Vensin sözlərinə görə, 90 milyon əhalisi olan İranın xaosa sürüklənməsi regionda daha böyük təhlükələr yarada bilər.

“Düşünürəm ki, İsrail cəmiyyətində İranı Liviyaya çevirmək istəyən insanlar var. Bəs 90 milyon əhalisi olan İranın Liviyaya çevrilməsi ABŞ üçün yaxşıdırmı? Qətiyyən yox”, – deyə o bildirib.

Vitse-prezident qeyd edib ki, Vaşinqton İranla əldə olunan razılaşmanın regionda sabitliyə xidmət edəcəyinə inanır və İsraildə bu məsələyə görə yaranan narahatlığı əsaslı hesab etmir.

Vensin sözlərinə görə, İsrail problemlərin həllində ABŞ-yə daha çox etibar etməlidir.

“İsraildə bu panikanı bir qədər qəribə hesab edirəm. Düşünürəm ki, bu, etimadsızlıqdan qaynaqlanır. ABŞ bu regionda etibarlı müttəfiq olduğunu dəfələrlə sübut edib”, – deyə o vurğulayıb.

O, həmçinin İranla imzalanan razılaşmanın Tehranın və ya “Hizbullah”ın güclənməsinə səbəb olacağı barədə iddiaları da rədd edib.

Vens bildirib ki, ABŞ administrasiyası imzalanan sənədin “pis razılaşma” olduğu fikri ilə razılaşmır və bu iddianın faktlarla təsdiqlənmədiyini düşünür.

ABŞ vitse-prezidenti əlavə edib ki, İsrail daxilində bəzi dairələr İranın mövqeyinin dəyişə bilməyəcəyini düşünürlər, lakin bu yanaşma reallığı əks etdirmir: “Sanki onlar hesab edirlər ki, İrana fayda verə biləcək hər şey baş verəcək, amma İranın özü heç dəyişməyəcək”.