1 milyon qazanan Rabiaya iş adamından jest
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Türkiyədə yayımlanan “Kim milyoner olmak ister” verilişində Rabia Birsen adlı fiziki məhdudiyyətli iştirakçı 1 milyon TL-lik (63 500 AZN) sualı doğru cavablandırıb. Qazanacağı pulla estetik protez əl alacağını deyən 24 yaşlı qıza maraqlı təklif gəlib.
LiderXəbər-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Ankarada protez istehsal edən kırşehirli iş adamı, 53 yaşlı Mustafa Düğer Rabianın estetik qolunun xərcini qarşılayacağını bildirib.
Düğerin sözlərinə görə, Rabianın çıxışı onu təsirləndirib: “Qızımız Rabianı televizorda izlədim. Onun açıqlamalarına qulaq asdım. Bir ata olaraq çox təsirləndim. Mənim də onunla yaşıd olan bir qızım var. Onun protezdən istifadə etdiyini gördüm. Bu işlərlə məşğul olan bir vətəndaş kimi üzərimə düşən məsuliyyəti hiss etdim. Rabia ilə danışdım və estetik qol protezini hazırlayacağımı dedim. Çox sevindi. Biz də çox xoşbəxt olduq”.
M. Düğer əlavə olaraq bildirib ki, Rabia ilə görüşərkən onun əlinin ölçüləri alınacaq və işə başlanılacaq. Protez estetik olduğu üçün bir az vaxt alacaq. Belə ki, estetik əl təxminən 2-3 aya hazır olacaq.
Qeyd edək ki, Ankarada yaşayan Rabia Birsen ötən il Qurban bayramında atasına kömək edərkən qolu ətçəkən maşına ilişib. Xəstəxanaya aparılan Rabianın sağ əli biləyindən kəsilib.