KİV: ABŞ İranda qızlar məktəbinə zərbə endirdiyini təsdiqlədi
ABŞ-nin hərbi rəhbərliyi fevral ayında İranda bir sıra hədəflərə, o cümlədən Minab şəhərindəki qızlar məktəbinə zərbələr endirilməsini təsdiqləyib və kəşfiyyat məlumatlarının köhnəldiyi barədə xəbərdarlıqlara məhəl qoymayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, zərbələrin planlaşdırılması sistemində istifadə olunan kəşfiyyat materiallarının 10 il əvvəl əldə edilmiş informasiyaya əsaslandığını və yenidən yoxlanılmalı olduğunu göstərən bildirişlər olub. Lakin CNN qeyd edir ki, komandanlıq buna baxmayaraq, köhnəlmiş siyahıdakı obyektlərin hədəflər sırasına daxil edilməsinə razılıq verib.
Telekanalın mənbələrindən birinin sözlərinə görə, Amerika hərbçiləri məktəbə hücumdan sonrakı bir neçə gün ərzində baş verənlərin səbəbini müəyyənləşdirsələr də, hələlik təhqiqatın nəticələrini ictimaiyyətə açıqlamayıblar.
Fevralın 28-də İran rəsmiləri ABŞ və İsrailin Minabda qızlar üçün ibtidai məktəbə zərbə endirdiyini açıqlayıb. Hücum nəticəsində 168-i məktəbli olmaqla 175 nəfər həlak olub, daha 95 nəfər isə yaralanıb. ABŞ Prezidenti Donald Tramp isə sonradan heç bir sübut təqdim etmədən hücumda İran silahlı qüvvələrini günahlandırıb. Daha sonra zərbə endirilən ərazidə tapılan raket qalıqlarının Amerika hərbi sursatına aid olduğu üzə çıxıb.
