Seçkidə qalib gəlsə, hicab taxanları cərimələyəcəklər
Fransanın sağçı Milli Birlik (RN) partiyasının deputatı Jan-Filip Tanqi 2027-ci il prezident seçkilərinə dair diqqətçəkən açıqlamaları ilə gündəmə gəlib.
Liderxeber.az-ın xəbərinə görə, Tanqi BFMTV-də yayımlanan proqramda bildirib ki, Marin Le Penin RN-nin namizədi olduğu prezident seçkilərində partiya qalib gələrsə, hicab taxanlara cərimə tətbiq edilməsi planlaşdırılır.
“Biz mütləq İslam ideologiyasına qarşı mübarizə aparacağıq”, - deyə deputat bildirib.
Tanqi Parisin şəhərətrafı ərazilərindən birində böyüdüyünü və uşaqlıq illərindən bəri həmin ərazilərdə ciddi dəyişikliklər baş verdiyini söyləyib. O, Fransada hicab taxan qadınların sayının artmasından narahatlığını ifadə edərək bu vəziyyətin “nəzarətdən çıxdığını” deyib.
Deputatın açıqlamaları ölkədə, xüsusilə solçu siyasətçilər tərəfindən sərt reaksiyalara səbəb olub.
Qeyd edək ki, Fransada dövlət işçilərinin dini simvollar, o cümlədən hicab taxmasına məhdudiyyətlər uzun müddətdir tətbiq edilir. 2004-cü ildən etibarən dövlət məktəblərində şagirdlərin də nəzərəçarpan dini simvollardan istifadə etməsinə qadağa qoyulub.
Xatırladaq ki, Fransada növbəti prezident seçkilərinin ilk turunun 18 aprel, ikinci turunun isə 2 may 2027-ci ildə keçirilməsi planlaşdırılır. Hazırkı Prezident Emmanuel Makron iki müddət prezidentlik etdiyi üçün seçkidə yenidən namizəd ola bilməyəcək.
