Pressa.az » Dünya » ABŞ alimləri kəllə sümüyündə yeni orqanabənzər struktur aşkar etdilər

ABŞ alimləri kəllə sümüyündə yeni orqanabənzər struktur aşkar etdilər

04 sentyabr 2026, Cümə, 09:49
ABŞ alimləri kəllə sümüyündə yeni orqanabənzər struktur aşkar etdilər

ABŞ-də aparılan elmi tədqiqat zamanı kəllə sümüyündə indiyədək məlum olmayan yeni orqanabənzər struktur aşkarlanıb.

Liderxeber.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Sent-Luis şəhərindəki Vaşinqton Universitetinin Tibb fakültəsinin alimləri məlumat yayıb.

Onlar kəllə sümüyü iliyində beyinə aid spesifik immun hüceyrələrinin formalaşdığı və birbaşa beyin şişlərinə qarşı mübarizə aparan yeni orqanabənzər struktur müəyyən ediblər.

Bu strukturun beyin xərçənginə qarşı ilkin mərhələlərdə bir növ "təhlükəsizlik mərkəzi" kimi fəaliyyət göstərdiyi bildirilir. Həyata keçirilən təcrübələr göstərib ki, immun hüceyrələri bu mərkəzlərdə öyrədilir və bədənin digər orqanlarına ehtiyac qalmadan birbaşa beyindəki təhlükələrə qarşı müdafiəni təmin edir.

Tədqiqatçılar bu strukturun xüsusilə beyin şişinin ölümcül növü olan qlioblastomaya qarşı həlledici rol oynadığını üzə çıxarıblar. Kəllə sümüyünün altındakı həmin immun mərkəzləri gücləndirilmiş siçanların şişlərə qarşı daha effektiv mübarizə apardığı və onların yaşama müddətinin əhəmiyyətli dərəcədə artdığı qeyd edilib.

Tədqiqatın müəllifi, professor Conatan Kipnis əldə olunan nəticələrlə bağlı deyib ki, kəllə sümüyü iliyi sadəcə qoruyucu skeletdən ibarət deyil. O, beyinə xas immun reaksiyalarının idarə olunduğu, əvvəllər bilinməyən mərkəzlərə ev sahibliyi edir. Bu strukturların mövcudluğu nevroloji xəstəliklərin və beyin şişlərinin müalicəsində tamamilə yeni imkanlar yarada bilər.

Mütəxəssislər qeyd olunan strukturların insan kəlləsində də mövcudluğuna dair güclü əlamətlərin olduğunu vurğulayıblar. Hazırkı tapıntıların cərrahi müdaxiləyə ehtiyac qalmadan, baş dərisinin altına tətbiq ediləcək gellər vasitəsilə immuniteti gücləndirmə potensialına malik olduğu bildirilib.

Kəşfin təkcə xərçəng deyil, həm də Altsheymer, Parkinson və şizofreniya kimi immun komponenti olan bir çox nevroloji xəstəliklərin müalicəsində yeni protokolların hazırlanmasına təkan verə biləcəyi vurğulanıb.