Vens İranla münaqişənin həlli üçün əsas şərtləri açıqladı
"ABŞ ilə müharibəyə son qoymaq üçün İran rəhbərliyi uranın zənginləşdirilməsi potensialını əhəmiyyətli dərəcədə azaltmalıdır".
Liderxeber.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters" agentliyinə verdiyi müsahibədə deyib.
"Nüvə silahı istəmirsinizsə, o zaman 60%-dək zənginləşdirilmiş uran nəyinizə lazımdır? Əgər nüvə silahı yaratmaqdan imtina etdiyinizi göstərmək niyyətindəsinizsə, yüksək dərəcədə zənginləşdirilmiş uran istehsal etməyin. Bu, münaqişənin dayandırılması zamanı olduqca vacib və fundamental məsələdir.
Düşünürəm ki, əgər onlar nüvə silahı istehsalından imtina etdiklərini sübut etmək istəyirlərsə, uranın zənginləşdirilməsi imkanları ilə bağlı mühüm addımlar atmalıdırlar", - deyə o qeyd edib.
Vitse-prezident vurğulayıb ki, Birləşmiş Ştatlar razılaşma əldə etməyə hələ də hazırdır, lakin İrandan nüvə sahəsində real güzəştlər tələb edəcək.
"Biz sözləri əməllərlə dəyişdirmək fikrində deyilik", - deyə o bildirib.
Vensin sözlərinə görə, Vaşinqtonun Tehranda qərarları kimin verdiyinə tam əmin olmaması vəziyyəti daha da mürəkkəbləşdirir. O qeyd edib ki, ABŞ İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı ilə danışıqlar aparır. Lakin Vens onların İranın hakimiyyət strukturunda nə dərəcədə nüfuza malik olduğunun naməlum qaldığını iddia edib.
"Müşahidə etdiyimiz məqamlardan biri də odur ki, onların ölkəsində qərarların necə qəbul edildiyi o qədər də aydın deyil", - deyə siyasətçi vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda günahlandıraraq ona qarşı kütləvi zərbələri bərpa edib. Qeyd edək ki, qlobal neft ticarətinin təxminən 25%-i və mayeləşdirilmiş təbii qazın 20%-i məhz bu boğaz vasitəsilə daşınır. Bundan sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqini dayandırdığını və sanksiyalar vasitəsilə iqtisadi təzyiq siyasətinə keçdiyini nümayiş etdirib.
