Pressa.az » Dünya » Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar

Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar

10 oktyabr 2026, Şənbə, 09:11
Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar

Polşa Parlamentinin aşağı palatası olan Seym ölkə miqyasında gecə saatlarında spirtli içkilərin satışını, eləcə də, spirtli məhsulların reklamını tamamilə qadağan edən qanun layihəsini qəbul edib. Səsvermədə 400 deputat sənədin lehinə, 29 deputat əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.

Liderxeber.az xəbər verir ki, qanun layihəsinə əsasən, barlar və restoranlar istisna olmaqla, ölkə daxilində saat 22:00-dan 06:00-dək spirtli içkilərin satışı qadağan olunacaq, yerli hakimiyyət orqanlarına isə bu müddəti 21:00-09:00 aralığına qədər uzatmaq hüququ veriləcək.

Eyni zamanda, əvvəllər pivə reklamına tətbiq edilən istisna ləğv olunaraq bütün növ spirtli içkilərin reklamı və təşviqi tamamilə qadağan ediləcək, satıcılar isə alıcıların yaşından əmin olmadıqları təqdirdə şəxsiyyəti təsdiq edən sənəd tələb etməyə borclu olacaqlar.

Qaydaları pozan şəxsləri və müəssisələri 30 min zlotidən 1 milyon zlotiyə qədər (təxminən 6000 - 228000 avro) cərimə və ya həbs cəzası gözləyir. Rəsmi şəxslər bu addımın ictimai təhlükəsizliyi artırmaq, gecə səs-küyünü azaltmaq və asayiş pozuntularının qarşısını almaq məqsədi daşıdığını bildiriblər.

Qanunun qüvvəyə minməsi üçün sənəd Senat tərəfindən təsdiqlənməli və ölkə prezidenti tərəfindən imzalanmalıdır. Yeni qaydaların 1 yanvar 2027-ci ildən etibarən tətbiq olunması gözlənilir.

Qeyd edək ki, Varşava, Krakov, Qdansk, Bıdqoş və Şetsin kimi böyük şəhərlərdə oxşar yerli məhdudiyyətlər artıq tətbiq olunmaqdadır.