Pressa.az » Dünya » İstanbulda leysan davam edir, 2 nəfər öldü

İstanbulda leysan davam edir, 2 nəfər öldü

15 oktyabr 2026, Cümə axşamı, 11:25
İstanbulda leysan davam edir, 2 nəfər öldü

Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib.

Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib. Belə ki, Fatihdə parkda su gölməçəsinə ayağı ilə toxunan 14 yaşlı yeniyetməni cərəyan vurub. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

Bununla yanaşı, Sarıyerdə sel yaranan küçədə yolun qarşı tərəfinə keçməyə çalışan 34 yaşlı şəxs ayağının sürüşməsi nəticəsində yıxılıb. Başı səkiyə dəyən və ayağa qalxa bilməyən şəxs ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, güclü yağışın davam etməsi ilə əlaqədar şəhər məktəblərində dərslər dayandırılıb, sakinlərə zəruri olmadıqca evdən çıxmamaq tövsiyə olunub.