İsrail universitetlərində tədris təxirə salınıb
İsrail universitetlərində tədris ehtiyatda olan əsgərlərin çağırışı başa çatana qədər təxirə salacaq.
LiderXəbər "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Universitet Rektorları Komitəsi məlumat yayıb.
Bildirilib ki, universitetlərdə dərslər dekabrın 3-dən tez başlamayacaq.
Qeyd edək ki, oktyabrın 15-də başlamalı olan payız semestri noyabrın 5-nə təxirə salınmışdı.
Komitə bildirib ki, 360 000-ə yaxın İsrail ordusunun ehtiyatda olan hərbi qulluqçusu çağırışa qoşulub ki, onların arasında minlərlə tələbə və universitet işçiləri var. Bütün universitet tələbələrinin təxminən 30%-i hazırda xidmət edənlər arasındadır.
“Qış semestri bütün tədqiqat universitetlərində ehtiyata çağırılanlar buraxılmağa başlayanda başlayacaq. Semestr başlamazdan iki həftə öncədən xəbərdarlıq ediləcək", - Komitənin bəyanatında deyilir.
O da bildirilib ki, universitet sistemi hələ də iki semestrlik tam tədris ilini hədəfləyəcək və buna görə də ikinci semestrin yayda davam edəcəyi gözlənilir, lakin bunun tam olaraq necə həyata keçiriləcəyi ayrı-ayrı universitetlərin öhdəsinə buraxılacaq.
Komitə sözçüsü vurğulayıb ki, xarici tələbə proqramları olan universitetlər distant təhsildən istifadəyə daha erkən başlamaq imkanına malikdirlər, lakin bu qərar vəziyyətdən asılı olaraq hər bir müəssisə üçün fərdi olaraq qəbul edilir.