Pressa.az » Dünya » Moldova parlamentinin sədri: COP29 sessiyasında iştirak edəcəyik

Moldova parlamentinin sədri: COP29 sessiyasında iştirak edəcəyik

27 may 2024, Bazar ertəsi, 17:43
Moldova parlamentinin sədri: COP29 sessiyasında iştirak edəcəyik

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcəyik.

Bunu Liderxeber.azn bürosuna açıqlamasında Moldova parlamentinin sədri İqor Qrosu bildirib. O, qeyd edib ki, Azərbaycan və Moldova iqlim dəyişiklikləri ilə üzləşir. Hər iki ölkə mülayim kontinental iqlimə malikdir: "Son onilliklərdə iqlim dəyişikliyi bəşəriyyətin üzləşdiyi ən aktual problemlərdən birinə çevrilib. Qlobal temperaturun artması səbəbindən davamlı quraqlıqlar, dağıdıcı fırtınalar və dəniz səviyyəsinin qalxması kimi ekstremal hadisələr tez-tez baş verir və intensiv xarakter alır. Bu dəyişikliklər təkcə ətraf mühitə deyil, həm də insanların həyatına, ölkələrin iqtisadiyyatlarına və ekosistemlərə çox ciddi təsir göstərir. Lakin bu problemlərlə mübarizəyə ümid var. Beynəlxalq əməkdaşlıq, texnoloji yeniliklər, həmçinin yerli, regional və qlobal səviyyədə konkret addımlarla bu problemləri həll edə bilərik”. O, əlavə edib ki, bu mənada 1995-ci ildən bəri hər il keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı planetimizi və gələcək nəsilləri qorumaq üçün davamlı həllər hazırlamaq və həyata keçirmək üçün dünyanın hər yerindən liderləri bir araya gətirən ən mühüm platformadır. İ.Qrosunun sözlərinə görə, ümumi problemlərə temperaturun dəyişməsi, quraqlıq, daşqınlar, torpaq eroziyası, havanın çirklənməsi və başqaları daxildir: "Dövlətlərimiz bu çağırışlarla mübarizədə fəal iştirak edir, iqlim dəyişikliyi problemlərinin həllində əməkdaşlıq edir. Digər tərəfdən, Moldova ilə Azərbaycan təkcə iqlim sahəsində əməkdaşlıq etmir. Ölkələrimiz arasında uzun illər ərzində inkişaf etdirdiyimiz sıx əlaqələr, siyasi, diplomatik, iqtisadi, enerji, mədəni və sosial əməkdaşlıqlar da var. Azərbaycanın SSRİ-nin dağılması və müstəqillik əldə etməsindən sonra, yəni 1991-ci ildən bu günə qədər əldə etdiyi böyük uğurları yüksək qiymətləndiririk.

Ümid edirik ki, dostluq, etimad və beynəlxalq hüquqa hörmət əsasında qurulan əlaqələrimiz bundan sonra da möhkəmlənəcək".