Ərdoğan: “Türkiyə COP29-un keçirilməsində Azərbaycana kömək etməyə hazırdır”
Türkiyə COP29-un keçirilməsində Azərbaycana istənilən yardımı göstərməyə hazırdır.
Liderxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində bildirib.
Müraciəti Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub. Türkiyə lideri Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib. “Türkiyə bu tədbirin keçirilməsində Azərbaycana hər cür köməklik göstərməyə hazırdır”, - o vurğulayıb.
Xatırladaq ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də BBƏ-nin Dubay şəhərində keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.