Fransa dərs çıxarmağa tələsmir - Ermənistanı hərbiləşdirməkdən əl çəkmir - ŞƏRH
Daxili siyasi gərginlik, keçmiş müstəmləkələrdən qovulma, Avropa Parlamentinə keçirilən seçkilərdə acı məğlubiyyət Emmanuel Makron hakimiyyətini ciddi sarsıtsa da, ənənəvi riyakar siyasətə hələ də son qoyulmur. Rəsmi Paris bəzi ölkələrin daxili işlərinə qarışmaqla yanaşı, onları silahlandırır və hərbə sürükləyir. Fransa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının getdiyi, sərhədlərin delimitasiya prosesinin başlandığı bir ərəfədə İrəvanla təmaslarını artırmağa çalışır. Erməni mediasında yer alan xəbərlərə görə, İrəvan hərbi təlimlərdə Fransa ilə əməkdaşlıq etməyi planlaşdırır.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan ilə Fransa Quru Qoşunlarının komandanı general Pyer Çil arasında keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir ki, əməkdaşlığın gələcək inkişafı, xüsusilə təcrübə mübadiləsi və kadr hazırlığı sahəsində məsələlər müzakirə edilib. Əməkdaşlığın gələcək inkişafı ilə bağlı razılıqlar əldə olunduğu bildirilib.
Təbii ki, bu, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atılan addımlara ziddir. Eyni zamanda, iki ölkə arasında sərhədlərin delimitasiya prosesinə mane olmaq cəhdindən başqa bir şey deyil. Bundan əvvəl isə Fransa prezidenti amerikalı həmkarı ilə Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına tərəfdar olduqlarını bəyan etmişdilər. Dövlət başçıları bunu Parisdə danışıqların yekunlarına dair birgə bəyanatlarında bildiriblər. Qeyd edilib ki, region xalqlarının rifahı naminə ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir.
N.Paşinyan qonağın Ermənistana səfərini alqışladıqlarını, ölkəsi ilə bağlı məsələlərə və onun ətrafındakı vəziyyətə xüsusi diqqət yetirməklərini yüksək qiymətləndirib. N.Paşinyan bu günlərdə İrəvanda başlayan və erməni gənclərinin böhran vəziyyətlərini idarə etmək bacarıqlarının artırılmasına yönəlmiş “Ecole itinérante de la Paix” adlı son təlimin əhəmiyyətini vurğulayıb. Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi və sərhədin delimitasiyası prosesi, o cümlədən Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Şübhəsiz ki, Fransanın Ermənistanla hərbi təlimlər keçirilməsinə dəstək verilməsi sülh təşəbbüslərinə zidd addım kimi qiymətləndirilə bilər.
Maraqlıdır ki, Ermənistan mediası da artıq Qərbin, xüsusən də, Fransanın bölgədə sülh və əmin-amanlığa çıxdığından narahatlıq ifadə edib. Bu ölkə mediasında yer alan xəbərlərdə Qərbin hərbi və maddi vədlərinin Ermənistanı çətin vəziyyətdən çıxarmayacağına dair fikirlər yer alıb. Məsələn, Ermənistanın “Past” qəzeti yazır ki, “bir çox insanlarda belə bir fikir var - Qərb, xüsusən də Fransa gəlib bizi bu çətin vəziyyətdən çıxaracaq. Amma Ermənistana hələ də xarici təhlükələr qarşısında dayana biləcəyinə lazım olan yardım göstərilmir. Fransa Ermənistana cəmi 2-3 radar və köhnəlmiş zirehli texnika verib, hətta Ukrayna da bunlardan imtina edib. Belə silahlar hərbi əməliyyatlar zamanı ciddi rol oynaya bilməz. Digər tərəfdən, ABŞ və Avropa İttifaqı Ermənistana cəmi 335 milyon dollar maliyyə yardımı vəd edib ki, bu da qarşıdakı illər ərzində həyata keçirilməlidir. Bu, çətin ki, vəziyyəti dəyişsin”, - məqalədə deyilir.
Fransa 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra birtərəfli qaydada Ermənistana dəstək verib. Dəfələrlə bəyan edib ki, Ermənistanın müdafiə ehtiyaclarını öyrənir və bunu prioritet kimi götürür. Fransanın müdafiə naziri Sebastyan Lekornu Franceinfo radiosuna müsahibəsində bildirmişdi ki, Makron Ermənistanla bağlı baş verənləri şəxsən izləyib. “Biz bu günə qədər mövcud olmayan bir ölkədə müdafiə missiyası açmışıq ki, bu da Ermənistan ordusu və hakimiyyət orqanları ilə gündəlik təmasda olmaq, onların müdafiə və təhlükəsizlik ehtiyaclarını öyrənmək imkanı verəcək. İstənilən halda biz Ermənistandan gələn müraciətləri nəzərdən keçiririk ki, onlar özlərini müdafiə edə bilsinlər”, - nazir vurğulayıb.
Şübhəsiz ki, Fransanın sifarişi səbəbindən meydana çıxan bu insident hüquq normalarını pozmaq, söz və ifadə azadlığını məhdudlaşdırmaq cəhdidir. Onun bu yanaşması siyasi xarakterli və qərəzlidir, nəinki hüquqa, heç adi etik normalara da sığmır.
''Report''