Pressa.az » Dünya » Çörçilin anadan olduğu qəsrdə 45 dövlət və hökumət başçısı toplanacaq

Çörçilin anadan olduğu qəsrdə 45 dövlət və hökumət başçısı toplanacaq

18 iyul 2024, Cümə axşamı, 09:30
Çörçilin anadan olduğu qəsrdə 45 dövlət və hökumət başçısı toplanacaq

London yaxınlığındakı Oksfordşirdə keçiriləcək “Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısında 45 dövlət və hökumət başçısı iştirak edəcək.

Liderxeber.az xəbər verir ki, 2022-ci ildə yaradılan bu hökumətlərarası təşkilata həm Avropa İttifaqı ölkələri, həm də Aİ-nin üzvü olmayan digər dövlətlər daxil edilib.

Sayca dördüncü sammitə ilk dəfə NATO, ATƏT və Avropa Şurasının nümayəndələri dəvət olunub. Əsas mövzular arasında isə qeyri-qanuni miqrasiya ilə mübarizə, təhlükəsizlik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq, Ukrayna münaqişəsi var.

“The Guardian” qəzetinin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 18-də Londona səfər etmək və sammitdə çıxış etmək niyyətindədir.

Bir günlük iclasın proqramına açılış və yekun plenar iclas, onların arasında isə müxtəlif mövzularda üç dəyirmi masa daxildir: miqrasiya, enerji, demokratiyanın müdafiəsi və təmini. Sonda heç bir yekun kommünikenin qəbulu nəzərdə tutulmur.

Sammit Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçilin 1874-cü ildə anadan olduğu Blenhaym qəsrində baş tutacaq.

Qəsr 1705-1724-cü illərdə klassikləşdirilmiş barokko üslubunda və ya İngilis memarlığına xas olan “Kraliça Anna üslubunda” Marlboronun ilk hersoqu Con Çörçill və həyat yoldaşı Saranın iqamətgahı kimi tikilib. Dizaynerləri Con Vanbru və Nikolas Haksmur olub. Adını Hersoqun fransızlar üzərində qələbəsi şərəfinə alıb.

Eyni zamanda sammitdə Macarıstanın Baş naziri Viktor Orbanın turundan sonra Aİ liderləri ilə ilk görüşü olacaq. İyulun 2-dən iyulun 11-dək Ukraynadakı sülhməramlı missiyası çərçivəsində o, Kiyev, Moskva, Pekin və Vaşinqtonda səfərdə olub, burada ölkə liderləri ilə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edib.

Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı 2022-ci ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.