Nyu-Yorkdakı Yəhudi Mərkəzinə qarşı planlaşdırılan terrorun qarşısı alınıb
Amerika Birləşmiş Ştatları HƏMAS-ın İsrailə qarşı radikal hücumundan bir il sonra, 7 oktyabr 2024-cü ildə baş verə biləcək Nyu-Yorkdakı Yəhudi Mərkəzində kütləvi atışmanın qarşısını alıb. Terror aktı hazırlamaqda şübhəli bilinən şəxs Kanadada saxlanılıb.
Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Kanadada yaşayan Pakistan vətəndaşı Məhəmməd Şahzeb Xan sentyabrın 4-də Kanadada Nyu-Yorkun Cənub Dairəsi məhkəməsinin verdiyi şikayət əsasında saxlanılıb.
ABŞ Baş prokuroru Merrik Qarland bildirib ki, o, “İŞİD” terror qruplaşmasına maddi yardım və vəsait ayırmağa cəhddə ittiham olunur. Belə ki, şübhəli şəxs İŞİD adına mümkün qədər çox yəhudini öldürmək üçün oktyabrın 7-də Nyu-Yorkda terror aktı planlaşdırırdı.
“ABŞ-nin Federal Təhqiqatlar Bürosunun araşdırması və kanadalı hüquq-mühafizə tərəfdaşlarımızın operativ tədbirləri onun tutulmasına səbəb olub”.
Məhkəmənin elektron məlumat bazasında dərc olunan sənədlərdə göstərilib ki, Məhəmməd Şahzeb Xan “İŞİD”in tərəfdarıdır. Ən azı 2023-cü ilin noyabr ayından o, terror qruplaşmasını dəstəklədiyini və İŞİD-ə dəstək olaraq terror aktları törətmək istəyini dəfələrlə və açıq şəkildə bəyan edib.
Məhəmməd Şahzeb Xan bunu həm sosial şəbəkədə, həm də iki məxfi hüquq-mühafizə orqanı əməkdaşı ilə ünsiyyətdə olub. Qeyd olunub ki, təqsirləndirilən şəxs onlara ABŞ-dakı yəhudi dini mərkəzlərində kütləvi atışma törətmək planlarından danışıb. O, həmçinin onlara bildirib ki, hücumun hədəfi Bruklindəki yəhudi mərkəzi ola bilər. Xan hücumu 7 oktyabr 2024-cü ildə həyata keçirməyi planlaşdırırdı.