Pressa.az » Dünya » Putin: "BRICS-ə daha 34 dövlət qoşulmaq istəyir"

Putin: "BRICS-ə daha 34 dövlət qoşulmaq istəyir"

12 sentyabr 2024, Cümə axşamı, 15:05
Putin: "BRICS-ə daha 34 dövlət qoşulmaq istəyir"

"BRICS ölkələri birliyinin işinə bu və ya digər formada qoşulmaq istəyini artıq 34 dövlət ifadə edib".

Liderxeber.az-ın "İzvestiya"ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin sentyabrın 12-də Sankt-Peterburqda Konstantinovski sarayında BRICS dövlətlərinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksəksəviyyəli nümayəndələri ilə görüşdə bildirib.

O qeyd edib ki, BRICS çərçivəsində bu formatda görüş artıq 14-cüdür. Bu dəfə görüşdə yanvarın 1-dən tamhüquqlu üzv kimi birliyə qoşulan yeni dövlətlərin nümayəndə heyətləri də iştirak edirlər. Lakin daha çox ölkə onunla əməkdaşlıq etmək istəyir.

"Biz bir çox dövlətlərin BRICS-ə artan marağını diqqətdən kənarda qoya bilməzdik. Bu gün birliyimizin fəaliyyətinə bu və ya digər formada qoşulmaq istəyini 34 dövlət bəyan edib. Qeyd edim ki, yüksəksəviyyəli nümayəndələrin görüşü oktyabrın 22-24-də Rusiyada, Kazan şəhərində keçiriləcək BRICS və BRICS+ sammitinə hazırlığın mühüm mərhələlərindən biridir", - deyə Rusiya lideri vurğulayıb.

BRICS dövlətlərinin təhlükəsizlik üzrə yüksək səviyyəli nümayəndələrinin görüşü sentyabrın 10-dan 12-dək Sankt-Peterburqda keçirilir.

Qeyd edək ki, BRICS doqquz dövlətin - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiyanın dövlətlərarası birliyi, ittifaqıdır. Təşkilat 2006-cı ilin iyununda Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə təsis edilib.