Rusiyada sürücüsüz yük maşınlarının hərəkətinə start verilib
Moskva və Sankt-Peterburq arasındakı M-11 Neva şosesi boyunca yük maşınlarının tamamilə sürücüsüz rejimdə hərəkətinə başlanılıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
Sentyabrın 23-də ilk dörd tam sürücüsüz yük maşını yola çıxıb. Onların hərəkəti Moskvada keçirilən Rəqəmsal Nəqliyyat forumu çərçivəsində baş tutub və Rusiya Baş nazirinin müavini Vitali Savelyev tərəfindən videobağlantı vasitəsilə başlayıb.
Yük maşınlarının 2022-ci ilin yayından sürücüsüz rejimdə işlədiyi aydınlaşdırılır, lakin indiyədək şəhərə giriş nöqtələrində sürücünün sükan arxasında olması tələb olunurdu.
Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin məlumatına görə, sürücüsüz yük maşınları gecə-gündüz fasiləsiz işləyə bilir ki, bu da səyahət sürətini artırmağa kömək edir. Belə maşınların istifadəsi Moskva ilə Sankt-Peterburq arasında gediş-gəliş müddətini üç gündən bir gün yarıma endirir.
İdarədən bildiriblər ki, marşrutda ümumilikdə 22 avtomobil var. 2024-cü ilin sonuna qədər avtomobillərin sayının 43-ə, 2025-ci ildə isə 93-ə çatdırılması planlaşdırılır.