Pressa.az » Dünya » İran XİN rəsmisi: "Təcavüzkarın əlini-ayağını kəsəcəyik"

İran XİN rəsmisi: "Təcavüzkarın əlini-ayağını kəsəcəyik"

30 sentyabr 2024, Bazar ertəsi, 16:51
İran XİN rəsmisi: "Təcavüzkarın əlini-ayağını kəsəcəyik"

"Milli təhlükəsizliyimizə qarşı çıxan hər kəsin cavabını verəcəyik".

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsindən sonra keçirdiyi mətbuat konfransında bəyan edib.

Kənani bildirib ki, İran dəfələrlə beynəlxalq ictimaiyyətə "sionistlərin" Qəzzaya qarşı hücumlarının regionda qeyri-sabitliyi pozduğu və müharibə təhlükəsinin əhatə dairəsini genişləndirə biləcəyi barədə xəbərdarlıq edib.

"Bu, o demək deyil ki, İran müharibədən qorxur. Biz müharibənin tərəfdarı deyilik, əksinə bölgədə sabitlik və təhlükəsizliyi möhkəmləndirməyə çalışırıq. İran öz milli təhlükəsizliyini və milli maraqlarını hədəfə alan heç bir addıma səssiz qalmayacaq. Biz şüar demirik, hərəkətə keçirik... Təcavüzkarın əlini-ayağını kəsəcəyik", - deyə, İranın XİN sözçüsü bəyan edib.

"İran "Hizbullah" hərəkatına kömək etmək üçün öz qoşunlarını göndərməyi planlaşdırmır, Livan özünü müdafiə edə biləcəyini sübut edib".

Liderxeber.az-ın TASS-a istinadla məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bəyan edib.

"Regionun (Yaxın Şərqin), o cümlədən Livan və Fələstinin hökumətləri, ölkələri və bütün xalqları sionist rejiminin (İsrailin) təcavüzündən qorunmaq üçün bütün lazımi imkanlara malikdirlər. Livan bu işğalçı rejimi (İsrail nəzərdə tutulur - red.) məğlub etmək qabiliyyətində olduğunu sübut edib. İran İslam Respublikasının könüllülər və ya köməkçi qüvvələr göndərməsinə ehtiyac yoxdur", - deyə Kənani mətbuat konfransında bildirib.

İslam Respublikasının XİN nümayəndəsi Tehranın İsrailin heç bir təcavüzkar hərəkətini cavabsız qoymayacağını bildirib, İran hökumətinin Livan hakimiyyəti ilə birlikdə Həsən Nəsrullanın öldürülməsindən sonra regiondakı vəziyyəti izlədiyini vurğulayıb.

"İran birinci vitse-prezident Məhəmməd Rza Arifin Livan Baş naziri Nəcib Mikati ilə söhbətindən sonra səylərini davam etdirir. Biz Livan hakimiyyəti ilə əlaqədəyik və vəziyyəti izləyirik. İran sionist rejiminin (İsrailin - red.) heç bir təcavüzkar hərəkətini cavabsız qoymayacaq, rejim öz cinayətlərinə görə cəzasız qalmayacaq", - deyə Kənani mətbuat konfransında bildirib.