Pressa.az » Dünya » Dünya Təhsil Forumunun direktoru: 70 % gənc iqlim dəyişikliyini izah edə bilmir

Dünya Təhsil Forumunun direktoru: 70 % gənc iqlim dəyişikliyini izah edə bilmir

04 oktyabr 2024, Cümə, 11:49
Dünya Təhsil Forumunun direktoru: 70 % gənc iqlim dəyişikliyini izah edə bilmir

Dünyada 70 % gənc iqlim dəyişikliyini izah edə bilmir.

Liderxeber.az xəbər verir ki, bunu Dünya Təhsil Forumunun direktoru Dominik Savaj Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya ölkələri bunu öz milli sistemində izah etməyi bacarmalıdır: "Ümumiyyətlə, məktəbdən kənarda baş verənlər məktəb daxilinə girməməlidir".

D.Savaj Böyük Britaniya təcrübəsini nümunə gətirərək vurğulayıb ki, müəllimləri işə qəbul edərkən ilk sual "şagirdləri sevirsinizmi" olur: "Hazırda süni intellektin mövcudluğunu göstərərək deyirlər ki, gələcəkdə bu peşəyə ehtiyac olmayacaq. Bu, səhv yanaşmadır. Müəllim həmişə insanın kim olduğunu öyrədəcək şəxs olacaq".

Direktor bildirib ki, məktəblər "yaşıl bacarıqlar"ı effektiv inkişaf etdirmək üçün təşəbbüslər həyata keçirə bilər: "Dünya iqlim dəyişikliyinin təsirləri ilə mübarizə apararkən, adətən, onun təhsilə təsiri nəzərdən qaçırılır. Halbuki planetin artan temperaturu və istilik dalğaları təkcə ətraf mühiti təhdid etmir, həm də bütün dünyada milyonlarla uşağın təhsilinə mane olur".

D.Savaj vurğulayıb ki, uşaqlarda "yaşıl bacarıqlar"ın formalaşmasında COP29 yaxşı fürsətdir: "Ölkələrin kurikulum sistemində də iqlim dəyişikliyi mütləq nəzərə alınmalıdır. Son məlumatlar göstərir ki, təhsil sistemlərinin iqlim dəyişiklikləri qarşısında davam gətirməsi üçün təcili tədbirlər görülməlidir. İnkişaf etmiş iqlim dəyişikliklərinə həssas olan ölkələr iqlimə davamlı təcrübələr və fövqəladə vəziyyətə hazırlıq üzrə bacarıqlarını artırmaq üçün səylər davam etdirilir. Bundan əlavə, hökumətlər təhsil sektorunun planlaşdırılmasında iqlimə müqaviməti inteqrasiya edən siyasi islahatlar həyata keçirirlər. Bu təşəbbüslər yaşıllaşdırma bacarıqlarını təşviq edir, uşaqları və gəncləri iqlimə uyğun ağıllı həll yolları və yerli iqlimin qorunması təbliğatına cəlb edir".