Bu gün Beynəlxalq Qızlar günüdür
Bu gün dünyada Beynəlxalq Qızlar günü qeyd olunur.
Liderxeber.az xəbər verir ki, 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq Qızlar Günü" elan edilib.
Qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib. Bu gün Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub.
Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər bir yaş mərhələsində belə bir hüquqa malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə işçilər, sahibkarlar, mentorlar, ailə başçıları və siyasi liderlər ola bilmək üçün öz potensiallarını həyata keçirə və dünyaya daha yaxşı töhfələr verə bilərlər.
Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Azərbaycanın bir sıra bölgələrindən məcburu erkən nigahlara dair ərizələr daxil olub, komitənin regional mərkəzlərində isə erkən nigahın qarşısı alınıb. Eyni zamanda bu bayramın məqsədi dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına cəlb etməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburu evlilikdən müdafiə olunmaq həmin problemlərin sırasındadır.