NATO baş katibi sülh danışıqlarını təxirə salmağı təklif etdi
NATO baş katibi Mark Rutte Ukraynaya Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salmağı təklif edib.
Liderxeber.az The New York Times qəzetinə istinadən xəbər verir ki, Mark Rutte bildirib ki, Qərb əvvəlcə Ukrayna Silahlı Qüvvələrinə mövqelərini gücləndirmək üçün silah göndərməlidir.
Bu addım Ukraynanın gələcək danışıqlarda mövqelərini gücləndirmək məqsədilə irəli sürülüb. Lakin Rutte qeyd edib ki, Ukrayna danışıqlara başlamağa hazır olduğunu nə zaman qərar verəcəyini özü müəyyən etməlidir.
Qeyd edək ki, 29 noyabrda Volodimir Zelenski ölkədəki münaqişənin Ukraynanın itirilmiş əraziləri geri qaytarmadan həll olunmasını təklif edib. Bunun müqabilində o, ölkəsinin NATO-ya üzv qəbul edilməsini istəyib.
Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Kiyev NATO-ya tamhüquqlu üzvlükdən başqa heç bir təhlükəsizlik zəmanətini qəbul etməyəcək. Diplomatik nümayəndələr "hər hansı alternativləri, əvəzləri və ya surroqatları" rədd etdiklərini vurğulayıblar.
3 dekabrda Reuters agentliyi məlumat yayıb ki, hazırda NATO-nun 32 üzvü arasında Ukraynanı alyansa dəvət etmək barədə konsensusa dair heç bir əlamət yoxdur və bu qərar üçün aylarla müzakirə tələb oluna bilər.