Son xəbərlərə görə, ABŞ Suriyanın şimal-şərqindəki hərbi kontingentinin sayını əhəmiyyətli dərəcədə azaltmağa başlayıb.
Liderxeber.az-ın məlumatına görə, bu barədə "The New York Times" iki amerikalı rəsmiyə istinadən yazır.
Bildirilir ki, ABŞ Silahlı Qüvvələri ölkənin şimal-şərqindəki səkkiz əməliyyat bazasından üçünü bağlayır və qoşunların sayını iki mindən 1.4 minə qədər azaldır.
Rəsmilər qeyd ediblər ki, bu addım quru qoşunları komandanlığının bazaları bağlamaq və birləşdirmək tövsiyələrinə əsaslanır, qərar Pentaqon və Silahlı Qüvvələrin Mərkəzi Komandanlığı tərəfindən təsdiqlənib. Onların sözlərinə görə, 60 gün sonra ABŞ komandanlığı azaltmanın davam etdirilməsinin lazım olub-olmadığını qiymətləndirəcək.
ABŞ qoşunlarının komandanlığı Suriyada ən azı 500 Amerika hərbçisinin saxlanılmasını tövsiyə edib.
Gözlənilir ki, Prezident Donald Trampın Administrasiyası Suriyaya dair siyasətini yenidən nəzərdən keçirəcək. Bəzi rəsmilər hesab edirlər ki, ABŞ hərbçilərinin sayı iki dəfədən çox azaldıla və ya onlar tamamilə çıxarıla bilər.