İstanbulda Rusiya və Ukrayna heyətləri arasında növbəti görüş planlaşdırılır.
Lakin görüşdən əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı dağıdıcı əməliyyat həyata keçirib və bu, görüşün müsbət nəticəsi ilə bağlı şübhələr yaradıb.
Mövzu ilə bağlı Liderxeber.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar öncəsi gah Rusiyanın Ukraynaya, gah da Ukraynanın Rusiyaya hücum etməsi artıq adi hal alıb və tərəflərin hər ikisi bununla bağlı əllərinin masada maksimum güclü olmasına çalışırlar:
"Bu baxımdan, indi də görüşqabağı bu cür hücumların olması, əslində, həm də danışıqlar mərhələsində öz mövqelərini daha güclü göstərməyə hesablanan davranışdır. Görüşün yenə də İstanbulda keçirilməsi, təbii ki, başadüşüləndir. Çünki indiyə qədər tərəflər arasında əldə olunan əsas razılaşmalar məhz Türkiyənin vasitəçiliyi ilə həyata keçirilib. Buna misal olaraq, "Taxıl sazişi"ni, çoxsaylı əsir mübadilələrini, humanitar dəhlizlər məsələsini xatırlatmaq olar. İndi də növbəti danışıqlar mərhələsidir. Təbii ki, dünyanın gözləntiləri də çoxdur".
"Tərəflərin atəşkəsin əldə edilməsi və yaxud da münaqişənin dayandırılması ilə bağlı baxışları bir-birindən olduqca sərt şəkildə fərqlənir. Yəni biz Rusiya tərəfinin müharibənin dayandırılması üçün şərtlərini bilirik. Moskva işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınmasını Ukraynadan tələb edir. Digər tərəf isə faktiki olaraq nəinki indi işğal altında olan əraziləri, o cümlədən də Krımın da Rusiya ərazisi kimi tanınmasından haqlı olaraq imtina edərək döyüşün dayandırılması, münaqişənin dondurulması və danışıqlar prosesinin də məhz atəşkəs dövründə həyata keçirilməsini istəyir.
Hər iki tərəfin istəklərinin bir-birindən bu qədər kəskin fərqlənməsi, təbii ki, böyük mənada nəsə əldə etməyə imkan vermir. Amma tərəflərin bir masa arxasında oturması belə, artıq müsbət hal kimi qiymətləndirilə bilər. Çünki biz təkcə elə bundan qabaqkı görüşə nəzər salsaq, görərik ki, hətta hər iki tərəfin nəticəsiz hesab edə biləcəyi görüşdə belə, 1000 nəfərin 1000 nəfərə əsir mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılaşma əldə edilib ki, bu da müsbət addımdır", - deyə politoloq əlavə edib.
Müsahibimiz hesab edir ki, indiki görüşlərdə də tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün hələ ki hansı ərazinin kimin nəzarətində qalma məsələsi yox, daha çox, konkret məsələlərlə bağlı razılaşma əldə etmək müzakirə ediləcək və ya ən azından bu istiqamətdə danışıqlar aparılacaq:
"Yəni nəticə etibarilə keçirilən görüş, təbii ki, səmərəsiz olmayacaq, amma maksimum nəticəyə nail olmaq üçün həm hər iki tərəfin müəyyən güzəştlərə getməsi, həm də Qərbin konkret hansı mövqe sərgiləməsi əsas götürüləcək. Yəni indi ən azından atəşkəsin əldə edilməsi faktiki olaraq Rusiyaya edilə biləcək təzyiqin həcminə bağlı olan məsələdir. Əgər Prezident Trampın dediyi kimi, nəticəsiz görüşlər baş verəcəksə, ABŞ Rusiyaya sanksiyaların tətbiqi istiqamətində müəyyən addımlar atacaqsa, paralel olaraq Ukraynanın dəstəklənməsi üçün dəstəyin həcmini artıracaqsa, Avropa İttifaqı da öz növbəsində maksimum şəkildə Rusiyanın zəiflədilməsi və Ukraynaya dəstək üçün lazım olan tədbirlər görəcəksə, o zaman bu və ya digər şəkildə Rusiyanı nədəsə razı salmaq mümkün olacaq. Çünki Rusiyanın indiki addımları onu göstərir ki, Putin hakimiyyəti maksimum şəkildə vaxt qazanmağa və nəticə etibarilə beynəlxalq oyunçuları artıq oyundan bezdirərək kənarlaşdırmağa sövq etmək istəyir və Ukraynanın meydanda tək qalmasını, tərəflərin artıq yorulub kənara çəkilməsini maksimum şəkildə istəyir. Bu isə təbii ki, Ukraynanın fəlakəti ilə nəticələnə bilər. Ona görə də düşünürəm ki, indiki mərhələdə müsbət nəyəsə nail olmaq üçün mütləq şəkildə Ukraynanın müttəfiqlərinin və tərəfdarlarının maksimum təzyiq siyasəti həyata keçirməsinə ehtiyac var. Əks halda, əldə olunan razılaşmalar ancaq epizodik, qısa xarakterli razılaşmalar olacaq ki, bu da müharibənin dayandırılmasına imkan verməyəcək".
Türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar isə hesab edir ki, Ukraynanın Rusiyanın strateji bazalarına qarşı həyata keçirdiyi dağıdıcı əməliyyat Rusiyanın əsas müharibə aktivlərinə zərbə vurmaq, rusları atəşkəs və sülhə razılaşmağa məcbur etmək xarakteri daşıya bilər:
"Amma məsələnin başqa ciddi tərəfi də var. Söhbət təkcə Rusiyanın əməliyyat gücünə və imicinə zərər vurmaqdan getmir, bu həm də Moskvanın nüvə doktrinasının sıxışdırılması və formalaşdırdığı nüvə hücumu mühitinə adekvat reaksiyadır. Ukraynanın hücumlarında, belə görünür ki, hücumun məqsədi təkcə rusların nüvə silahlarının yerləşdiyi dörd hava bazası deyil, həm də Murmansk bölgəsindəki nüvə sualtı qayıqlarının yerləşdiyi baza olub. Bu vəziyyət qlobal miqyasda çox ciddi qeyri-müəyyənliyə səbəb ola bilər".
"Rusiyanın dövlət və ya hərbi infrastrukturuna hücum edilərsə və nüvə balansı pozularsa, bu, Moskvanın nüvə cavabını istisna etmir", - deyə ekspert əlavə edib.