Pule pendiri dünyanın ən bahalı pendiridir, onun kiloqramı orta hesabla 1 000-1 300 avroya başa gəlir.
Bu pendirin əsas özəlliyi ondan ibarətdir ki, o, dünyanın yalnız bir yerində, özü də inək südündən deyil, eşşək və keçi südündən hazırlanır.
Liderxeber.az xəbər verir ki, bu barədə "IFLScience" yazır.
Pule pendirinin yüksək qiymətinin sirri onun istehsal prosesində və əsas tərkib hissəsindədir. Dünyanın ən bahalı bu pendirinin 60%-i Balkan eşşəyinin südü və 40%-i keçi südündən ibarətdir. Eşşəklər inəklərdən qat-qat az, gündə ən çox 2 litr süd verir. Eşşəklərin sağılması üçün xüsusi avadanlıq yoxdur, buna görə də Serbiyadakı fermerlər Pule pendiri üçün südü çətinliklə əldə edirlər. 1 kq Pule pendiri hazırlamaq üçün 25 litr eşşək südü lazımdır.
Pule pendiri fermerlər tərəfindən yalnız Serbiyanın şimal-qərbində, Belqraddan 80 km aralıda yerləşən Zasavitsa adlı təbiət qoruğunda istehsal olunur. Bu pendir zərif, azca duzlu dada, həmçinin qaymaqlı tekstura malikdir. Pule pendiri omeqa-3 yağ turşuları, zülallar və kalsiumla zəngindir.