“Apple” “iPhone 18” seriyasının əsas modelinin buraxılış tarixində dəyişiklik edib.
Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət “iPhone 18”i digər modellərdən ayıraraq 2027-ci ilin əvvəlinə təxirə salmaq qərarına gəlib.
Bu o deməkdir ki, telefonun təqdimatı seriyanın digər üzvlərindən təxminən altı ay sonra baş tutacaq.
Şirkətin bu təxirə salınma ilə satışları artırmağı hədəflədiyi güman edilir. Belə ki, bununla da şirkət əsas modeli gözləmək istəməyən istifadəçilərin daha bahalı “Pro” modelləri seçəcəyinə ümid edə bilər.
“iPhone 18 Air”, “Pro” və “Pro Max” modellərinin təqdimatının ənənəvi cədvələ uyğun olaraq 2026-cı ilin sentyabrında olacağı gözlənilir.
Bundan başqa, uzun müddətdir müzakirə edilən qatlana bilən “iPhone”un da bu təqdimatda yer alacağı bildirilir.
Eyni zamanda, rəqib “Samsung” isə “Galaxy S26” seriyası üçün hazırkı təqdimat cədvəlində heç bir dəyişiklik etməyi planlaşdırmır.