Türkiyə Jandarm Kriminal Laboratoriyası Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsi ilə bağlı hesabat hazırlayıb.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Sabah" qəzetində dərc edilən materialda məlumat verilib. Hesabatda müəyyən edildiyinə görə, hadisədə partlayıcı maddə izlərinə rast gəlinməyib.
Həmçinin Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri və nazirlik sözçüsü, kontr-admiral Zeki Aktürk son bir həftə ərzində görülən işlərə dair keçirilən mətbuat konfransı zamanı qəza üzrə istintaqın son vəziyyəti ilə bağlı açıqlama verib.
"Hərbi yük təyyarəmizin qara qutusunun TUSAŞ müəssisələrində araşdırılması və qəzanın nəticələrinin aradan qaldırılması üzrə qrupumuzun hadisə yerində yoxlama işləri davam edir. Qəzaya uğrayan təyyarəmizin qalıqları Kayseridə yerləşən 2-ci Hava Texniki Xidmət Zavodu İdarəsində ətraflı araşdırılacaq. Ətraflı araşdırmanın nəticələri ictimaiyyətlə paylaşılacaq. Rəsmi açıqlamalarımızdan kənar dərc olunan xəbərə və şərhlərə etibar olunmaması əhəmiyyət kəsb edir", - deyə o bildirib.