Вернуться назад Распечатать

2025-ci ilin sözü açıqlandı

Oksford Universitetinin nəşriyyat şöbəsi 2025-ci ilin sözü olaraq “reycbeyt” (rage bait) terminini seçib.

Liderxeber.az xəbər verir ki, dil mütəxəssisləri “reycbeyt” terminini diqqət çəkmək, oxunma və baxış sayını artırmaq üçün qəsdən yaradılan təxribat xarakterli onlayn-kontent kimi izah edirlər.

Söz ingilis dilindəki “rage” (qəzəb) və “bait” (tələ, yem) sözlərinin birləşməsindən yaranıb. Oksford dilçilərinin qeyd etdiyinə görə, son bir ildə bu terminin işlənmə tezliyi üç dəfə artıb.

“Reydjbeyt” anlayışı ilk dəfə 2002-ci ildə “Usenet” platformasında dərc olunan yazıda istifadə olunub. O vaxt bu söz sürücünün fara ilə yol verilməsi üçün edilən işarəyə reaksiya verməməsini ifadə edirdi.

Zaman keçdikcə termin yeni məna qazanaraq sosial şəbəkələrdə aqressiv və təxribat xarakterli paylaşımları təsvir etmək üçün işlədilməyə başlayıb.

Oksford lüğətinin qeydinə görə, “reycbeyt” artıq jurnalistika dilinin də bir hissəsinə çevrilib. Bu populyarlıq nəticəsində “reycfarminq” (rage-farming) adlı yeni bir anlayış formalaşıb. Bu termin istifadəçilərin emosiyalarını təxribat xarakterli materiallar vasitəsilə manipulyasiya etmək, qəzəb, narazılıq və ya əlavə müzakirə yaratmaq cəhdlərini bildirir.

Xatırladaq ki, Oksford lüğəti 2024-cü ilin sözü kimi “brain rot” (“beyin çürüməsi”) ifadəsini elan etmişdi. Bu termin aşağı keyfiyyətli internet məzmununun insanın intellektual qabiliyyətlərinə mənfi təsirini təsvir edir.