Вернуться назад Распечатать

2976-cı ili qarşıladılar - Fotolar

Şimali Afrikanın yerli xalqı olan amaziglər (bərbərlər) dünyada geniş istifadə olunan təqvimdən təxminən min il irəli - 2976-cı ili qarşılayır.

Liderxeber.az xəbər verir ki, bu fərq zamanda səyahətlə deyil, qədim və köklü tarixi irsə əsaslanan Amazig təqvimi ilə izah olunur.

Təqvimin başlanğıcı eramızdan əvvəl 950-ci ildə Kral Şeşonkun Misir taxtına çıxması ilə əlaqələndirilir.

Amazig Yeni ili — Yennayer hər il 12-14 yanvar tarixlərində Əlcəzair, Mərakeş, Tunis və Liviyada qeyd olunur. Bayram ailə bağlarını, yenilənməni və təbiətlə harmoniyanı simvolizə edir. Küçələrdə səslənən “aseggas ameggaz” (“Yeni iliniz mübarək”) ifadələri ənənəvi geyimlər, musiqi və ictimai şənliklərlə müşayiət olunur.

Rəsmi statistik məlumatlar olmasa da, Şimali Afrikada on milyonlarla amazigin yaşadığı təxmin edilir. Beə ki, Mərakeşdə əhalinin təxminən 40 faizi amazigdir, Əlcəzair Mərakeşlə yanaşı, ən böyük amazig icmasına malikdir, Tunis və Liviya amaziglərin yaşadığı digər əsas bölgələrdir.

Yennayer şənliklərinin mərkəzində zəngin kulinariya ənənələri dayanır. Mərakeşin Yüksək Atlas bölgəsində paxlalılar və ədviyyatlardan hazırlanan “ourkemen”, Əlcəzairdə isə şirniyyat, qoz-fındıq və meyvə qarışığından ibarət “treze” geniş yayılıb. Rifah və bolluq rəmzi olaraq bu qarışıq bəzən evin ən kiçik uşağının başına yüngülcə səpilir.

Yennayer yalnız yeni ilin başlanğıcı deyil, həm də amaziglərin əsrlər boyu davam edən mədəni kimlik və varlıq mübarizəsinin simvolu kimi qəbul olunur.