Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib.
Liderxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bildirilir ki, sözügedən restoran Voronej şəhərində arxeoloji irs hesab olunan ərazidə tikilib. Bələdiyyə nümayəndələri belə bir zonada tikinti üçün xüsusi icazənin tələb olunduğunu qeyd ediblər. Onların məlumatına görə, müvafiq sənədlər yalnız əvvəllər ərazidə yerləşən və sahəsi təxminən 400 kv. m olan yaşayış evi üçün mövcud olub.

Məhkəmə sənədlərinə görə, Y.Xəlilov satın aldığı ərazidə yerləşən həmin evi sökərək qanunsuz olaraq ümumi sahəsi təxminən 1700 kv. m olan restoran tikib.
Qərardan bir ay ərzində şikayət verilə biləcəyi bildirilir.
Xatırladaq ki, Yusif Xəlilov ötən ilin avqust ayında həbs edilmişdi. O, oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl (7153 manat) verməkdə ittiham edilirdi. Daha sonra Xəlilov azadlığa buraxılıb və ailəsi ilə birlikdə Bakıya gəlib.