Вернуться назад Распечатать

Alman alimlərindən maraqlı kəşf: Quş səsi stresi necə yox edir?

Alman alimlərinin apardıqları təcrübə göstərib ki, quşların oxuması insanın stresini azaltmağa kömək edir.

Liderxeber.az xəbər verir ki, bununla bağlı tədqiqatın detalları "Landscape and Urban Planning" jurnalında dərc olunub.

Tyubingen Universitetinin professoru Kristof Randlerin rəhbərlik etdiyi qrup parklarda səsgücləndiricilər quraşdırıb və bu səsgücləndiricilərdən nadir quşların səsləri səsləndirilib. Tədqiqatın könüllüləri üç qrupa bölünüblər. Onlardan parkda 30 dəqiqə ərzində gəzmələri və quşların oxumasına diqqət yetirmələri istənilib. Gəzintidən əvvəl və sonra iştirakçıların qan təzyiqi, ürək döyüntüsü və stres səviyyəsi ölçülüb.

Birinci qrup səsgücləndiricilərdən gələn nadir quşların oxumasını dinləyib, ikinci qrup quşların təbii səslərini eşidib, üçüncü qrup isə səs-küyün qarşısını alan qulaqlıqlarla gəzib.

Məlum olub ki, hətta sadə gəzinti belə müsbət təsir göstərib: səs-küyü basdıran qulaqlıqlardakı qrup da daxil olmaqla, bütün könüllülərdə qan təzyiqi, ürək döyüntüsü və stres səviyyəsi aşağı düşüb.