İnsultun əlamətləri arasında üzdə qəribə hisslərin yaranması, tarazlığın itirilməsi və ya qeyri-adi baş ağrısı kimi hallar yer alır.
Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı nevroloq Natalya Jarova Poliklinika.ru nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, adi baş ağrısı xarakterini dəyişərsə, bu, insultun əlaməti ola bilər. Bundan əlavə, həkim bildirib ki, barmaqlarda "pambıq" hissi (keyimə) və ya yanaqda yaranan qeyri-adi hisslər də insult simptomları sırasındadır.
"Həmçinin elə hallar olur ki, insan zahirən tamamilə sağlam və gümrah görünür, heç bir şikayəti olmur. Lakin qəfildən yaşadığı mənzili tanımamağa başlayır və ya yaxınlarına sanki onları ilk dəfə görürmüş kimi baxır", - deyə Natalya Jarova qeyd edib.
Nevroloq əlavə edib ki, insult zamanı nitq pozuntuları da yarana bilər. Onun sözlərinə görə, bu vəziyyətdə beyin tənqidi yanaşmanı bloklayır və insana onda patoloji əlamətlərin olduğunu izah etmək olduqca çətinləşir.