Вернуться назад Распечатать

Dünyanın ən böyük atom stansiyası 14 ildən sonra fəaliyyətini bərpa edir

"Tokyo Electric Power" (TEPCO) şirkəti Yaponiyanın Niigata prefekturasında yerləşən, dünyanın ən böyük atom elektrik stansiyası olan "Kashiwazaki-Kariwa" Atom Elektrik Stansiyasının 6-cı blokunda elektrik enerjisinin istehsalı və ötürülməsini sınaqdan keçirməyə başlayıb.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın enerji şirkəti məlumat yayıb.

"Kashiwazaki-Kariwa" Atom Elektrik Stansiyasının 6-cı bloku Fukuşima qəzasından sonra 14 il ərzində ilk dəfə elektrik ötürməyə başlayıb. Güc optimal səviyyəyə çatana qədər tədricən artırılacaq. Tam kommersiya istismarının isə martın 18-də başlaması planlaşdırılır.

Yanvar ayında idarəetmə çubuqları ilə bağlı sınaq zamanı yaranan avadanlıq problemləri reaktorun işə salınmasını gecikdirmişdi. TEPCO fevralın 9-da reaktoru ikinci dəfə işə salıb. Təhlükəsizlik sistemindəki nasazlığın stansiya və ətraf mühit üçün risk yaratmadığı bildirilib.

Hazırda Yaponiyada 14 nüvə reaktoru fəaliyyət göstərir və onların sayının tədricən artırılması nəzərdə tutulur.