Türkiyənin Sakarya vilayətində 16 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.
Qəzaya uğramış nəqliyyat vasitələri arasında sərnişin avtobusu, TIR, mikroavtobus və avtomobillər olub.
Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza səbəbindən yolda uzun tıxac yaranıb. Bağlanmış magistral yolda nəqliyyatın hərəkəti bir müddət sonra bərpa olunub.