40-48 yaş aralığında olan insanlarda bağırsaq xərçəngi diaqnozu daha tez-tez qoyulmağa başlayıb. Halbuki əvvəllər bu xəstəlik əsasən yaşlılara aid hesab olunurdu.
Liderxeber.az bildirir ki, bu barədə rusiyalı onkoloq-cərrah Qleb Xrebtov "Lenta.ru" nəşrinə müsahibəsində danışıb.
Həkim xəstəliyin əsas risk faktorunu da açıqlayıb.
Onun sözlərinə görə, bağırsaq xərçənginin artmasının başlıca səbəbi rəqəmsal texnologiyalar dövründə normaya çevrilmiş oturaq həyat tərzidir.
"Ofis işi, məsafədən çalışma, kompüterdən daimi istifadə - bütün bunlar insanların günün böyük hissəsini oturaq vəziyyətdə keçirməsinə səbəb olur. Axşam saatlarında isə vəziyyət çox vaxt dəyişmir: insanlar divanda televizor qarşısında və ya yenidən notbuk arxasında vaxt keçirirlər. Nəticədə günün əksər hissəsi ya oturaq, ya da uzanıqlı vəziyyətdə keçir", - deyə onkoloq izah edib.
Qleb Xrebtov qeyd edib ki, belə həyat tərzi davamlı qəbizlik, bağırsaq hərəkətliliyinin pozulması və xroniki iltihabi proseslərin yaranmasına səbəb ola bilər. Zamanla bu dəyişikliklər xərçəngönü vəziyyətə çevrilə və nəticədə bədxassəli şişlərin inkişafına gətirib çıxara bilər.
Onun sözlərinə görə, az hərəkətli həyat tərzi keçirən şəxslərdə kolorektal xərçəng riski müntəzəm hərəkət edən və idmanla məşğul olan insanlarla müqayisədə bir neçə dəfə yüksək ola bilər.