İrana qarşı hərbi hücumların dayandırılmasını dəstəkləyən ABŞ vətəndaşlarının sayı əməliyyatların davam etdirilməsini istəyənləri üstələyir.
Liderxeber.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin martın 12-də dərc etdiyi rəy sorğusunda bildirilir.
Sorğuya əsasən, respondentlərin əksəriyyəti İrana hücumların dayandırılmasının lehinə səs verib. Lakin bu göstəricidə azalma müşahidə olunur: martın 1-də keçirilən sorğuda hücumların dayandırılmasını istəyənlər 47% təşkil etdiyi halda, hazırda bu rəqəm 42%-ə düşüb. Zərbələrin davam etdirilməsini dəstəkləyənlərin sayı isə 34%-ə çatıb. Qərarsız respondentlərin payı isə 24%-dən 28%-ə yüksəlib.
Hücumlara fərdi yanaşmada mənfi münasibət üstünlük təşkil etsə də, ümumi hərbi əməliyyata ictimai dəstək cüzi artaraq 42% olub (əleyhinə olanlar 40%). Martın 1-dən bəri əməliyyatın lehinə çıxış edənlərin sayı 3% artıb, qəti əleyhinə olanların sayı isə 12% azalıb.
Buna baxmayaraq, amerikalıların 53%-i hərbi əməliyyatların ABŞ-nin uzunmüddətli təhlükəsizliyinə töhfə verəcəyinə inanmır. Respondentlərin 65%-i Tramp administrasiyasının hərbi əməliyyatın məqsədlərini hələ də aydın şəkildə izah edə bilmədiyi qənaətindədir. İştirakçıların 63%-i isə ABŞ ordusunun itkilərinin sayını qəbuledilməz hesab edir.
Məqalədə qeyd olunur ki, hazırda ABŞ cəmiyyətinin İran münaqişəsindəki itkilərə dözümlülüyü 20 il əvvəlki İraq müharibəsi dövrü ilə müqayisədə xeyli aşağıdır.